Əmir Seyid Alim xan
| Əmir Seyid Alim xan | |
|---|---|
| özb. Said Mir Muhammad Olimxon Mangʻit özb. سعید میر محمد امیر عالمخان منغیت | |
| | |
| 1910 – 1920 | |
| Əvvəlki | Seyid Mir Əbdül Əhəd xan |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 3 yanvar 1880 |
| Doğum yeri | |
| Vəfat tarixi | 28 aprel 1944 (64 yaşında) |
| Vəfat yeri | |
| Dəfn yeri | |
| Təhsili | |
| Fəaliyyəti | hökmdar[d], siyasətçi |
| Atası | Seyid Mir Əbdül Əhəd xan |
| Ailəsi | Manqıtlar |
| Hərbi xidmət | |
| Döyüşlər | |
| Rütbəsi |
|
|
|
|
| Təltifləri |
|
Əmir Seyid Alim xan və ya Seyid Mir Məhəmməd Alim xan (özb. Said Mir Muhammad Olimxon; 3 yanvar 1880, Buxara, Türküstan general-qubernatorluğu – 28 aprel 1944, Kabil) — Buxara əmirliyinin sonuncu 12-ci əmiri. Özbək Manqıt soyunun və sülaləsinin nümayəndəsi.[1] Atası Seyid Mir Əbdül Əhəd xanın ölümündən sonra taxta çıxmış, 10 yanvar 1911-ci ildən 30 avqust 1920-ci ilə qədər hakimiyyətdə olmuşdur.
1785-ci ildə qurulan Buxara əmirliyi 1868-ci ildən etibarən protektorat hüququ ilə Rusiya imperiyasının vassal dövləti statusuna malik idi. Seyid Alim xan Buxarada və Sankt-Peterburqda təhsil alıb. O, Rusiya imperiyasının ali hərbi rütbəli şəxslərinin övladlarının təhsil aldığı Sankt-Peterburq Nikolayev Kadet Korpusuna qəbul edilmişdir. 1896-cı ilin aprelində Terek kazak ordusuna qeyd edilməklə xorunji (kazak zabit rütbəsi) rütbəsi almış və fligel-adyutant təyin edilmişdir. Seyid Alim xanın tam titulu "Buxara Əmirinin Əlahəzrət Vəliəhdi" idi. Sankt-Peterburqdakı üçillik təhsili müddətində imperiyanın ali rütbəli şəxslərinin övladları arasında çoxlu dost və tanış qazanmış, həmçinin rus dilini mükəmməl öyrənmişdir. Gəncliyindən poeziyaya maraq göstərmiş, elə o dövrdə, əsasən fars dilində şeirlər yazmağa başlamışdır. 7 yanvar 1911-ci ildə Buxara əmiri Seyid Əbdül Əhəd xan vəfat etmiş və vəliəhd elə həmin gün rəsmən vəzifəsinin icrasına başlamışdı. II Nikolay Seyid Alim xana "Əlahəzrət" titulunu bəxş etmiş və taxta çıxması münasibətilə onu təbrik etmişdir. Əmir Seyid Alim xan bundan sonra nə özünün, nə də yaxınlarının heç bir hədiyyə və bəxşiş qəbul etməyəcəyini bəyan etmiş, məmurlara və vəzifəli şəxslərə xalqdan rüşvət almağı, vergiləri şəxsi məqsədlər üçün istifadə etməyi qəti şəkildə qadağan etmişdir. Seyid Alim xan Rusiya imperiyası, Britaniya imperiyası, Əfqanıstan Əmirliyi, Qacar dövləti, Osmanlı imperiyası və qonşu Xivə xanlığı ilə yaxşı münasibətlər saxlamışdır. Əmir Seyid Alim xanın şəxsi vəsaiti hesabına Sankt-Peterburqda Sankt-Peterburq Cümə Məscidi və Buxara Əmirinin Evi tikilmişdi. 13 may 1911-ci ildə Buxara Əmiri Əlahəzrət Seyid Alim Terek kazak ordusunda saxlanılmaqla və Əlahəzrət İmperatorun Məiyyətinə (Svitasına) qəbul edilməklə general-mayor rütbəsinə layiq görüldü.
Buxaradakı inqilab və əmirlik ərazisində Buxara Xalq Sovet Respublikasını quran Qızıl Ordunun müdaxiləsi səbəbindən qonşu Əfqanıstan Əmirliyinə getmək məcburiyyətində qalıb. Hakimiyyətini geri qaytarmaq və əmirliyi yenidən dirçəltmək ümidi ilə Britaniya imperiyası ilə əməkdaşlıq etmişdir.[2][3]
Həyatı
[redaktə | vikimətni redaktə et]Seyid Mir Məhəmməd ibn Əbdül Əhəd xan Alim Xan 3 yanvar 1880-ci ildə Buxara əmirliyinin paytaxtı Buxara şəhərində anadan olub. Atası o vaxtkı Buxara əmiri Seyid Mir Əbdül Əhəd xan[4] babası isə Seyid Müzəffərəddin Bahadur xan olub.[5]
Seyid Alim xan ibtidai təhsilini Buxaradakı Mir Ərəb mədrəsəsində almışdır. 1893-cü ildə, on üç yaşında olarkən, Seyid Mir Əbdül Əhəd xan tərəfindən dövlət idarəçiliyi və hərb işini öyrənmək üçün Sankt-Peterburqa göndərilmişdir. Rusiya imperiyasının ali hərbi rütbəli şəxslərinin övladlarının təhsil aldığı Sankt-Peterburq Nikolayev Kadet Korpusuna qəbul edilmişdir. 1896-cı ilin aprelində Terek kazak ordusuna qeyd edilməklə xorunji (kazak zabit rütbəsi) rütbəsi almış və fligel-adyutant təyin edilmişdir. Elə həmin il təhsilini başa vurub Buxaraya qayıtmış və imperiyanın paytaxtında Buxara taxt-tacının varisi statusunu təsdiqlətmişdir. Seyid Alim xanın tam titulu "Buxara Əmirinin Əlahəzrət Vəliəhdi" idi. Sankt-Peterburqdakı üçillik təhsili müddətində imperiyanın ali rütbəli şəxslərinin övladları arasında çoxlu dost və tanış qazanmış, həmçinin rus dilini mükəmməl öyrənmişdir. Doğma özbək dili ilə yanaşı, fars dilini də bilirdi, çünki bu dil Buxara əmirliyində rəsmi dil idi. Gəncliyindən poeziyaya maraq göstərmiş, elə o dövrdə, əsasən fars dilində şeirlər yazmağa başlamışdır. [6]
Karyerası
[redaktə | vikimətni redaktə et]Hakimiyyətə gəlişi
[redaktə | vikimətni redaktə et]
Buxaraya qayıtdıqdan iki il sonra Buxaranın cənub-şərqində yerləşən Nəsəf vilayətinin (indiki Qarşi şəhəri və ətrafı) bəyi (hakimi) təyin edilmişdir. Sonrakı illərdə əmirliyin ən böyük və ən mühüm vilayətlərindən biri olan Kərmənə vilayətinin (indiki Kərmənə, Nəvai şəhərləri və ətrafları) hakimi vəzifəsini tutmuşdur. 1909-cu ilin dekabrında Terek kazak ordusunda xidmət edən, fligel-adyutant rütbəsi və podpolkovnik (voyskovoy starşina) çini daşıyan Seyid Alim xan polkovnik rütbəsinə layiq görülmüşdür.
7 yanvar 1911-ci ildə Seyid Alim xanın atası, Buxara əmiri Seyid Əbdül Əhəd xan vəfat etmişdir. Vəliəhd elə həmin gün rəsmən vəzifəsinin icrasına başlamış, lakin əmirlikdə əmirin vəfatı ilə əlaqədar yas saxlanıldığı və dəfn mərasimləri icra edildiyi üçün təntənəli tacqoyma mərasimi bir ay sonra baş tutmuşdur. II Nikolay Seyid Alim xana "Əlahəzrət" titulunu bəxş etmiş və taxta çıxması münasibətilə onu təbrik etmişdir. Əmir Seyid Alim xan bundan sonra nə özünün, nə də yaxınlarının heç bir hədiyyə və bəxşiş qəbul etməyəcəyini bəyan etmiş, məmurlara və vəzifəli şəxslərə xalqdan rüşvət almağı, vergiləri şəxsi məqsədlər üçün istifadə etməyi qəti şəkildə qadağan etmişdir. Buna baxmayaraq, məmurların özbaşınalığı davam etmiş və bu hal Sədrəddin Ayni ilə Dmitri Loqofet tərəfindən ətraflı şəkildə təsvir olunmuşdur. Seyid Alim xan Rusiya imperiyası, Britaniya imperiyası, Əfqanıstan Əmirliyi, Qacar dövləti, Osmanlı imperiyası və qonşu Xivə xanlığı ilə yaxşı münasibətlər saxlamışdır.[7]
Atasının hakimiyyəti dövründən başlayaraq əmirlikdə pulsuz təhsil, demokratik islahatlar, maarifçiliyin, ədəbiyyatın (xüsusilə poeziyanın) və jurnalistikanın inkişafını müdafiə edən Cədidizm hərəkatı yarandı. Rusiya imperiyasının Orta Asiya mülklərinin ərazisini Krım tatar maarifçisi İsmayıl Qaspıralı ziyarət etmişdi. O, 1893 və 1907-ci illərdə Buxara əmiri Seyid Əbdül Əhəd xan və yerli ziyalıların nümayəndələri ilə görüşmüşdü. Əmirlikdə cədidçilərin səyi ilə bir neçə dünyəvi məktəb açıldı və burada müxtəlif sosial təbəqələrdən olan uşaqlar dünyəvi elmləri və fənləri pulsuz öyrənirdilər. İctimai-siyasi qəzet və jurnallar nəşr olunmağa başladı, bəzi cədidçilər öz traktat və kitablarını buraxdılar. Bu dövri mətbuatda onlar əmiri və onun ətrafındakıları lağa qoyan məqalələr, satirik şeirlər və karikaturalar dərc edirdilər.

1917-ci ildən sonra bütün bunlar Seyid Alim xanın ətrafı tərəfindən əmirliyin siyasətinə qarşı açıq çıxış kimi qəbul edildi. Bəzi cədidçilər həbs olunaraq Buxara zindanına salındı, onların bir hissəsi şəriətə uyğun olaraq müxtəlif cəzalara, o cümlədən qırmancla döyülməyə məhkum edildi. Sədrəddin Ayni də belə bir cəzaya məhkum olunmuşdu. Cədidçilərin kütləvi təqiblərindən sonra onların əksəriyyəti əmirliyi tərk etmək qərarına gəldi və əsasən Səmərqənd və Daşkənddə məskunlaşdı. Bu iki şəhər Rusiya imperiyasının Türküstan vilayətinin tərkibinə daxil idi və əmirliyin qanunları orada keçərli deyildi. Orada cədidçilər öz qəzetlərini, jurnallarını və digər ədəbiyyatlarını nəşr etməyə başladılar və bunları gizli yollarla Buxaraya ötürürdülər. Buna baxmayaraq, əmirin ətrafındakıların bir hissəsi yenə də cədidçiləri dəstəkləyirdi. Seyid Alim xana ən böyük təsiri isə radikal İslama etiqad edən İslami (dini) yaxınları və müşavirləri göstərirdilər, buna görə də Buxara müsəlman dünyasında "İslamın güclü qalası" kimi tanınırdı.[8]
1917-ci ilin baharına qədər əmirin ətrafında olan tanınmış şəxslər sırasına Çar Rusiyası ordusunun ilk özbək generallarından biri, Mir Heydər Mirbədəlov da daxil idi. Buxara əmirinin pulu hesabına Sankt-Peterburqda Sankt-Peterburq Cümə Məscidi və Buxara Əmirinin Evi tikilmişdi.[9] 13 may 1911-ci ildə Buxara Əmiri Əlahəzrət Seyid Alim Terek kazak ordusunda saxlanılmaqla və Əlahəzrət İmperatorun Məiyyətinə (Svitasına) qəbul edilməklə general-mayor rütbəsinə layiq görüldü. 22 fevral 1913-cü ildə Səid Alim xan Xivə xanı İsfəndiyar xanla birlikdə Sankt-Peterburqda ilk cümə məscidinin açılışında iştirak etdi.[10] 30 dekabr 1915-ci ildə Terek kazak ordusunda qeydiyyatda olan, İmperator Məiyyətinin general-mayoru Əlahəzrət Buxara Əmiri Seyid Alim xidmətdə fərqləndiyinə görə general-leytenant rütbəsinə yüksəldildi, Rusiya İmperatorunun general-adyutantı təyin edildi və Terek kazak ordusundakı xidməti saxlanıldı.
Devrilməsi
[redaktə | vikimətni redaktə et]1917-ci ildə Rusiya imperiyasında inqilabın başlamasından və Buxaradakı nümayişlərdən sonra əmir, demokratik islahatların tərəfdarlarına (gənc buxaralılar) qarşı repressiyalara başladı. Qırmızı Ordu Buxaranı hücumla ələ keçirdikdə, o, ölkənin baş naziri (quşbəyi) Nizaməddin Urgənci də daxil olmaqla bir qrup məmurla birlikdə Buxara əmirliyinin şərqinə, daha sonra isə sığınacaq tapdığı Əfqanıstana qaçdı. Yalnız əmir qovulduqdan sonra Buxarada quldarlıq tamamilə ləğv edildi. Rəsmi olaraq qul ticarəti hələ 1873-cü ildə onun babası Müzəffər xan tərəfindən qadağan edilmiş, quldarlıq isə 1885-cü ildə atası Seyid Əbdül Əhəd xan tərəfindən ləğv olunmuşdu.[11] Buna baxmayaraq, bütün bu onilliklər ərzində əmirlər hərəmxanalarında qeyri-qanuni olaraq kənizlər, sarayda isə nökərlər saxlamağa davam edirdilər və ölkədəki qanunsuz quldarlığa göz yumurdular. Çünki bu mütərəqqi qanunvericilik onlara Rusiya imperiyası tərəfindən məcburi qəbul etdirilmişdi.[12]
Mühacirətdə Qaragül qoyunu dərisi ticarəti ilə məşğul olaraq dolanışığını təmin edirdi. Bəzi məlumatlara görə, Basmaçı hərəkatını dəstəkləyirdi. Qocalıqda demək olar ki, tamamilə kor olmuşdu, Rusiya Dövlət Bankındakı bank hesabları isə SSRİ hakimiyyətinin tələbi ilə dondurulmuşdu. Bəzi mənbələrə görə, əmirin bu bankda təxminən 27 milyon qızıl rublu, Rusiyanın özəl kommersiya banklarında isə daha 7 milyona yaxın vəsaiti saxlanılırdı. O da məlumdur ki, 1917-ci ilin yayında Buxaradakı rus rezidenti Aleksandr Miller və sənayeçi İvan Staxeyevin vasitəçiliyi ilə əmir Seyid Alim xan Fransa və İngiltərə banklarına 150 milyon rubl yerləşdirmişdi. Daha sonra isə eyni yolla daha 32 milyon rubl köçürülmüşdü. Məzarı üstündə bu sözlərin yazılmasını vəsiyyət etmişdi: "Vətənsiz əmir acınacaqlı və rəzildir. Vətənində ölən dilənçi isə həqiqi əmirdir".[13]
Əmir Seyid Alim xan 5 may 1944-cü ildə Kabildə vəfat etmişdir.
Seyid Alim xanın övladlarının danışdıqlarına görə, onun ən sevdiyi təamlar qoyun əti ilə bişirilmiş plov, həmçinin səməni halvası və nişallo (şirniyyat növü) idi.
Varisləri
[redaktə | vikimətni redaktə et]
Seyid Alim xanın hazırda sayı təxminən 500 nəfərə çatan kifayət qədər çoxsaylı nəsli var. Əmirin həyatının son illərində, bir neçə nəfər istisna olmaqla, demək olar ki, bütün nəsli onunla birlikdə idi. 1920-ci ilin avqust ayının sonlarında Qırmızı Ordu Buxaranı sürətlə mühasirəyə alaraq bombalamağa və hücum etməyə başladığı üçün Seyid Alim xan tələsik özünü, ailəsini və yaxınlarının bir hissəsini təxliyə etməyə başladı. Qəfil baş verən məcburi təxliyə zamanı, naməlum səbəblərdən onun təxminən 8-10 (digər məlumatlara görə 4-6) yaşlarında olan üç azyaşlı oğlu — Sultanmurad, Şahmurad və Rəhimxan Buxarada qaldı. Buxaranı ələ keçirdikdən sonra bolşeviklər onları tapdılar və ilkin olaraq (II Nikolayın ailəsi və yaxınları ilə birlikdə güllələnməsinə bənzər şəkildə) əmirin geridə qalan bir neçə ailə üzvü və yaxınları ilə birlikdə güllələmək istədilər. Lakin sonradan öz xeyirlərinə təbliğat aparmaq məqsədilə onları sağ buraxdılar və hər üçünü Moskvaya — həlak olmuş bolşeviklərin və Qırmızı Ordu əsgərlərinin yetim qalmış uşaqları üçün nəzərdə tutulmuş uşaq evinə tərbiyə olunmağa göndərdilər.[14][15]
Seyid Alim xan bolşeviklərə və dünya ictimaiyyətinə müraciət edərək Buxarada qalan uşaqlarının və digər ailə üzvlərinin Əfqanıstana, onun yanına buraxılmasını xahiş etdi. Lakin bolşeviklər bu xahişi rədd etdilər və faktiki olaraq onları öz şəxsi siyasi və ideoloji məqsədləri üçün girov kimi saxladılar. Seyid Alim xanın SSRİ-də qalan üç oğlundan ən böyüyü olan Sultanmurad anadangəlmə əlil və axsaq idi. O, Fəhlə Fakültəsini (Rabfak) bitirdi və təhsildən sonra əlillər üçün nəzərdə tutulmuş fabrikdə işləməyə başladı. Bəzi məlumatlara görə, o ingilis dilini bilirdi. Bir müddət sonra Sultanmurad NKVD tərəfindən həbs olundu və "xalq düşməni" elan edildi. Digər ittihamlarla yanaşı, ona Britaniya kəşfiyyatı ilə əməkdaşlıq ittihamı da verildi. Həbsindən sonra Sultanmurad aclıq aksiyasına başladı və qısa müddət sonra, çox güman ki, tam əldən düşməkdən və aclıqdan vəfat etdi. Sultanmurad evli idi. Həmin vaxt sabunbişirmə zavodunda işləyən həyat yoldaşı, bəzi məlumatlara görə, ərinin ölüm xəbərini aldıqdan sonra özünü qaynayan sabun qazanına ataraq intihar etdi.[14][15]
İkinci Dünya müharibəsi başlamazdan əvvəl, "Böyük terror" dövründə Seyid Alim xanın SSRİ-də qalan kiçik oğlu Rəhimxan ölkədən qaçmağa cəhd göstərdi, lakin elə SSRİ-Əfqanıstan sərhədində sovet sərhədçiləri tərəfindən saxlanıldı. Bəzi məlumatlara görə, o, Özbəkistan SSR ərazisində, SSRİ ilə Əfqanıstanı ayıran Amudərya çayı üzərində, digər məlumatlara görə isə SSRİ ilə Əfqanıstan sərhədinin çöllərdən və yüksəkliklərdən keçdiyi Türkmənistan SSR ərazisində yaxalanmışdı. Bundan sonra onun barəsində güllələnmə hökmü oxundu və o, NKVD tərəfindən güllələndi.[14][15]
Üç qardaşdan ortancılı olan Şahmurad da qardaşları ilə birlikdə Moskvadakı uşaq evində idi. Lakin 1922-ci ildə Buxara Xalq Sovet Respublikasının rəhbərliyi tərəfindən gənc respublika üçün yeni kadrların hazırlanması proqramı çərçivəsində bir neçə buxaralı gənclə birgə təhsil almaq üçün Almaniyaya göndərildi. İdeoloji səbəblərdən ona yeni ad, ata adı və soyad verildi — "Alimov Şah Muratoviç" (digər məlumatlara görə isə onun adı-soyadı "Şahmurad Alimxanov" idi). Təhsildən qayıtdıqdan sonra alman dilini mükəmməl bilirdi. O, həmçinin kömür sənayesi institutunda da təhsil almışdı.[16] Şahmuradın tələbə yoldaşı Heydər Yusupovun sözlərinə görə, Şahmurad hərbçi olmağı arzulayırdı, lakin "xalq düşməninin oğlu" olduğu üçün ideoloji səbəblərdən onu hərbi məktəbə qəbul etmirdilər. Bundan sonra dostlarının və tanışlarının məsləhəti ilə o, atasından imtina etmək qərarına gəldi. 1930-cu ildə (digər məlumatlara görə 1929-cu ildə) "İzvestiya" qəzeti vasitəsilə atasına açıq məktub yazaraq Seyid Alim xandan imtina etdiyini bildirdi, onu və onun hakimiyyətini ağır günahlarda və əməllərdə ittiham etdi. Bəzi məlumatlara görə, bu addım bu xüsusi xidmət orqanının məlumatçıları olan dostları və tanışları vasitəsilə Şahmuradı buna sövq edən NKVD tərəfindən təşkil olunmuşdu. Bu hadisədən sonra o, Moskvanın Valerian Kuybışev adına Hərbi-Mühəndislik Akademiyasına qəbul edildi. Təhsilini başa vurduqdan sonra elə həmin akademiyada dərs deməyə başladı. Qırmızı Orduda xidmət etdi və sonradan general-mayor rütbəsi aldı.[14][15][17]Böyük Vətən müharibəsində iştirak etdi və döyüşlərdə bir ayağını itirdi, "Qırmızı Bayraq" ordeni ilə təltif olundu. Müharibə bitdikdən sonra yenidən Moskvadakı Valerian Kuybışev adına Hərbi-Mühəndislik Akademiyasında müəllimlik fəaliyyətini davam etdirdi. Evli idi, həyat yoldaşının adı Lidiya Mixaylovna idi. Şahmuradın müasirlərindən birinin xatirələrinə görə: "Şahmurad həyat yoldaşı Lidiya Mixaylovna ilə bizə qonaq gələndə, bir az içdikdən sonra valideynlərini xatırlayıb ağlayardı". Şahmuradın bir çox tanışı və dostu onun mənşəyindən xəbərsiz idi, o, keçmişi haqqında yalnız ən yaxın dostlarına danışardı.[18] Bəzi məlumatlara görə, 1985-ci ildə Moskvada, 75 yaşında vəfat etmişdir.[19]
Onun daha iki oğlu — Həzrət Qabulov və Hacı Qabulov isə qohumlarının güllələnməsindən sonra Çelyabinsk Traktor Zavodunun (ÇTZ) tikintisində işləmək üçün Çelyabinska göndərildilər. Kiçik qardaş Hacı müharibədə iştirak etməyə imkan tapdı, geri qayıtdıqda isə qardaşını tapdı və bundan sonra onlar bir yerdə oldular, hər ikisi evlənib ailə qurdu.[20]
Sovet İttifaqının dağılmasından və Özbəkistan ilə Tacikistan müstəqillik qazandıqdan sonra Seyid Alim xanın bəzi övladları və nəvə-nəticələri bu ölkələri ziyarət etdilər. 1998-ci ilə olan məlumata görə, Seyid Alim xanın 12 oğlu və 10 qızı sağ idi və dünyanın müxtəlif ölkələrində yaşayırdılar. Əmirin övladları və nəsli 1950-ci illərdən başlayaraq Əfqanıstanı tərk etməyə başladılar. Bu ölkədə sovet hərbi müdaxiləsi ilə Əfqanıstan müharibəsinin başlamasından və sonra vətəndaş müharibəsinə çevrilməsindən sonra onların mühacirəti daha da sürətləndi. Əmirin demək olar ki, bütün övladları və nəsli Əfqanıstandan Pakistan vasitəsilə çıxırdılar. Bəziləri Pakistanda birdəfəlik məskunlaşdı, qalanları isə daha sonra Türkiyə, İran, ABŞ, Kanada, Səudiyyə Ərəbistanı və Avropa ölkələrinə, əsasən də Böyük Britaniya, Fransa, İsveçrə, Almaniya və İsveçə köçdülər. Hazırda bu ölkələrdə Seyid Alim xanın özünün və onun Manqıt sülaləsinin təxminən 500 nəfərədək nümayəndəsi, həmçinin Buxaranın hücumu zamanı əmirlə birlikdə mühacirət etmiş yaxınlarının (vəzirlərinin, canişinlərinin və s.) təxminən bir o qədər nəsil davamçıları yaşayır. Alim Xanın nəsli arasında qızı Raziyə Alimidən olan nəvəsi Nailaj Naebzadeh və nəticəsi Kadeij Naebzadeh var. Onların sırasına həmçinin ABŞ-da doğulmuş Nailaj Naebzadeh də daxildir. Xalası Şükriyyə Alimi Raad kimi, onun anası Raziyə Alimi də 1979-cu ildə Sovet Ordusunun işğalı zamanı Əfqanıstanı tərk edib.[21]
Alim Xanın qızı Şükriyyə Alimi Raad "Əfqanıstan Radiosu"nda (Radio Afghanistan) diktor kimi çalışıb. Şükriyyə Raad 1979-cu ilin dekabrında Sovet qoşunlarının ölkəni işğal etməsindən üç ay sonra ailəsi ilə birlikdə Əfqanıstanı tərk edib. O, özü də jurnalist olan həyat yoldaşı və iki övladı ilə birgə Pakistana, oradan isə Almaniya vasitəsilə Amerika Birləşmiş Ştatlarına qaçıb. 1982-ci ildə "Amerikanın Səsi"nə (Voice of America) qoşulan Şükriyyə, uzun illər VOA-nın Dari dili xəbər xidmətində diktor, redaktor, veriliş aparıcısı və prodüser kimi fəaliyyət göstərib.[22]
Buxaradakı hakimiyyəti dövründə Alim Xanın Qasım adlı bir oğlu da var idi ki, o, bolşevik inqilabçıları tərəfindən öldürülmüşdü. Qasımın yalnız bir oğlu var idi. O, 13 yaşında olarkən ögey atası ilə birlikdə Buxaradan İranın Məşhəd şəhərinə qaçmışdı. İrana çatdıqda Hüseyn Buxarayi adını qəbul etmişdi. Məşhəddə Bibimeymənət Möhsenolhüseyni ilə evlənmişdi. Onların 6 oğlu və 4 qızı dünyaya gəlmişdi. Hüseyn Buxarayi 1993-cü ildə vəfat edib. Övladları Məşhəddə yaşayırlar.
2020-ci ildə "BBC World Service" Əmir Alim Xan və onun ailəsinin taleyindən bəhs edən "Buxara" adlı sənədli film hazırlayıb.
Mükafatları
[redaktə | vikimətni redaktə et]- Brilyantlarla bəzədilmiş 1-ci dərəcəli "Müqəddəs Stanislav" ordeni (1901)[23]
- Brilyantlarla bəzədilmiş şaşka (qılınc) (1902)
- 1-ci dərəcəli "Müqəddəs Anna" ordeni (1906)
- 2-ci dərəcəli "Müqəddəs Vladimir" ordeni (1910)
- Brilyantlarla bəzədilmiş "Ağ Qartal" ordeni (1911)
- Döşə taxmaq üçün İmperator II Nikolayın brilyantlarla bəzədilmiş portreti (1913)
- "Müqəddəs Aleksandr Nevski" ordeni ordeni (1916)
Kinoda
[redaktə | vikimətni redaktə et]- Abbas Bakırov ("Əmirliyin süqutu", 1955)[24]
- Yaqub Əhmədov ("Qara konsulun məhvi", 1970)[25]
- Marat Aripov ("Heç kim olanlar...", 1974)
- Turqun Əzizov ("Qanq üzərində şəfəq", 1975)[26]
- Yaqub Əhmədov ("Layiqlilərin səyahəti", 1979)
- Rasim Balayev ("Alovlu yollar", 1979—1984)[27][28][29]
- Ülmas Alixocayev ("Inqilabın müvəkkili", 1987)
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "ЭСБЕ/Манкытская династия — Викитека". 17 noyabr 2025 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyul 2026.
- ↑ История Казахстана в персидских источниках. 2. Алматы: Дайк-пресс. 2005. 282.
- ↑ Alexander Burnes. Travels into Bokhara being the account of a journey from India to Cabool, Tartary and Persia. II. New Delhi, Madras: Asian educational services. 1992. 358.
- ↑ Becker, 2004. səh. 91
- ↑ Bashiri, Iraj. The History of the Civil War in Tajikistan. Central Asian Studies. Boston, MA: Academic Studies Press. 2020. 64–65. ISBN 978-1-64469-288-2.
- ↑ Allworth, 2003. səh. 123
- ↑ Becker, 2004. səh. 98
- ↑ Becker, 2004. səh. 121
- ↑ Митрухова, Е. "Наследие эмира Бухарского: коммуналка с камином-памятником и скульптурами в парадной" (rus). «Карповка». 15 mart 2017. 27 noyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 oktyabr 2020.
- ↑ Saint Petersburg mosque in "Russian Mosques" Arxiv surəti 15 iyul 2011 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2011-07-15 at the Wayback Machine (English translation), accessed October 2011
- ↑ Allworth, 2003. səh. 293
- ↑ Uyama, 2012. səh. 245
- ↑ "История в лицах. Последний мангыт". 13 noyabr 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 noyabr 2016.
- 1 2 3 4 Артур Самари. Золото Эмира. 2019.
- 1 2 3 4 "Как сын эмира стал генералом" (rus). artursamari.com. 2 aprel 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 aprel 2019.
- ↑ Камолудин Абдуллаев. История в лицах. Последний мангыт & Трагедия последнего Эмира Бухары. 2018. ISBN 5-09-002630-0.
- ↑ "Александр Гейзер. Таджик, которого нельзя было отличить от немца" (rus). detage.de. 4 mart 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 aprel 2019.
- ↑ "Сын и внук" (rus). liveinternet.ru. 1 aprel 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 aprel 2019.
- ↑ "Камолудин Абдуллаев. Трагедия последнего эмира Бухары" (rus). youtube.com. 31 dekabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 aprel 2019.
- ↑ "Узбеки Челябинска". 14 iyul 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyul 2026.
- ↑ "Homecoming Exclusive Interview with the Descendants of the Last Emir of Bukhara". The Mag. 2 oktyabr 2019. 4 iyun 2023 tarixində orijinalından arxivləşdirilib.
- ↑ "A Princess-Broadcaster". Voice of America. 31 mart 2002. 12 noyabr 2019 tarixində orijinalından arxivləşdirilib.
- ↑ ru:Список генералам по старшинству. — СПб., 1914.
- ↑ "Лихие кавалеристы с маузерами, и другие мифы о басмачах". 6 yanvar 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyul 2026.
- ↑ Гибель Чёрного консула
- ↑ Ибрагимов Х. — «Восход над Гангом» (Одном. 2-сер. худож. фильм. «Таджикфильм») // Вечерний Ашхабад, 24 октября 1974
- ↑ Korotkov, M. "Сын земли". Ogonyok (47). 1985.
- ↑ Огненные дороги (1977-1984) [Fiery Roads (1977-1984)], 22 may 2023 tarixində arxivləşdirilib, İstifadə tarixi: 19 may 2023
- ↑ Aqbarov, Hamidulla. "Хамза и его время: новые серии телефильма "Огненные дороги"" [Hamza and his time: new episodes of the TV movie "Fiery Roads"]. ru:Pravda Vostoka (rus). 21 oktyabr 1979. səh. 3. 9 iyul 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyul 2026.
Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- Allworth, Edward A. The Personal History of a Bukharan Intellectual: The Diary of Muḥammad Sharīf-i Ṣadr-i Ziyā. en:Brill Publishers. 2003. ISBN 978-9004131613.
- Becker, Seymour. Russia's Protectorates in Central Asia: Bukhara and Khiva, 1865-1924. en:Routledge. 2004. ISBN 978-0415328036.
- Uyama, Tomohiko. Asiatic Russia: Imperial Power in Regional and International Contexts. en:Routledge. 2012. ISBN 978-1136620102.
- Wilde, Andreas. Manghit dynasty. 2020.
- Х. Турсунов: Восстание 1916 Года в Средней Азии и Казахстане. Таshkent (1962)
- Б.В. Лунин: Басмачество Tashkent (1984)
- Яков Нальский: В горах Восточной Бухары. (Повесть по воспоминаниям сотрудников КГБ) Dushanbe (1984)
- Hasan B. Paksoy, "BASMACHI": Turkish National Liberation Movement 1916-1930s, Modern Encyclopedia of Religions in Russia and the Soviet Union (FL: Academic International Press) 1991, Vol. 4, pp. 5–20.
- Alexander Marshall: "Turkfront: Frunze and the Development of Soviet Counter-insurgency in Central Asia" in Tom Everett-Heath (Ed.) "Central Asia. Aspects of Transition", RoutledgeCurzon, London, 2003; ISBN 0-7007-0956-8 (cloth) ISBN 0-7007-0957-6 (pbk.)
- Fazal-ur-Rahim Khan Marwat: The Basmachi movement in Soviet Central Asia: A study in political development., Peshawar, Emjay Books International (1985)
- en:Marco Buttino: "Ethnicité et politique dans la guerre civile: à propos du 'basmačestvo' au Fergana", en:Cahiers du monde russe et sovietique, Vol. 38, No. 1-2, (1997)
- en:Marie Broxup: The Basmachi. en:Central Asian Survey, Vol. 2 (1983), No. 1, pp. 57–81.
- en:Mustafa Chokay: "The Basmachi Movement in Turkestan", en:The Asiatic Review Vol.XXIV (1928)
- Sir en:Olaf Caroe: Soviet Empire: The Turks of Central Asia and Stalinism 2nd ed., London, Macmillan (1967) ISBN 0-312-74795-0
- Glenda Fraser: "Basmachi (parts I and II)", Central Asian Survey, Vol. 6 (1987), No. 1, pp. 1–73, and No.2, pp. 7–42.
- en:Baymirza Hayit: Basmatschi. Nationaler Kampf Turkestans in den Jahren 1917 bis 1934. Köln, Dreisam-Verlag (1993)
- M. Holdsworth: "Soviet Central Asia, 1917-1940", en:Soviet Studies, Vol. 3 (1952), No. 3, pp. 258–277.
- Martha B. Olcott: "The Basmachi or Freemen's Revolt in Turkestan 1918-24", en:Soviet Studies, Vol. 33 (1981), No. 3, pp. 352–369.
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]
Vikianbarda Əmir Seyid Alim xan ilə əlaqəli mediafayllar var.- مستند قصر پادشاه بخارا — YouTube platformasında
- Басмачи. Английский след
- Эмир Бухарский в Санкт-Петербургской Соборной мечети (1911 г.)
- 3 yanvarda doğulanlar
- 1880-ci ildə doğulanlar
- Buxarada doğulanlar
- 28 apreldə vəfat edənlər
- 1944-cü ildə vəfat edənlər
- 64 yaşında vəfat edənlər
- Kabildə vəfat edənlər
- Kabildə dəfn olunanlar
- Mir Ərəb mədrəsəsinin məzunları
- II dərəcəli Müqəddəs Vladimir ordeninin kavalerləri
- Müqəddəs Aleksandr Nevski ordeni ilə təltif edilənlər
- Ağ qartal ordeni (Rusiya) kavalerləri
- I dərəcəli "Müqəddəs Anna" ordeni kavalerləri
- 1-ci dərəcəli "Müqəddəs Stanislav" ordeninin kavalerləri
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Özbəkistan siyasətçiləri
- Rusiyada vətəndaş müharibəsi iştirakçıları
- Antikommunistlər
- Asiya kral ailələri
- Birinci Dünya müharibəsində Rusiya hərbçiləri
- Börçiginlər
- Devrilmiş monarxlar
- Əmirlər
- XX əsr monarxları
- XX əsr siyasətçiləri
- Kazaklar
- Özbəkistan şəxsləri
- Özbəkistan tarixi
- Özbəklər
- Rusiya İmperator Ordusunun zabitləri
- Rusiya imperiyası generalları
- Şahzadələr