Məzmuna keç

Ceyms Fransisk Eduard Stüart

Vikipediya, azad ensiklopediya
Ceyms Fransisk Eduard Stüart
ing. James Francis Edward Stuart
Image
16 sentyabr 1701 – 1 yanvar 1766
Əvvəlki-
SonrakıÇarlz Eduard Stüart
Şəxsi məlumatlar
Doğum tarixi 10 iyun 1688(1688-06-10)[1]
Doğum yeri
Vəfat tarixi 1 yanvar 1766(1766-01-01)[1][2][…] (77 yaşında)
Vəfat yeri
Dəfn yeri
Atası II Ceyms[4]
Anası Mariya d'Este (İngiltərə kraliçası)[4]
Uşaqları

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ceyms Fransisk Eduard Stüart (ing. James Francis Edward Stuart; 10 iyun 1688[1], Vestminster, Böyük London – 1 yanvar 1766[1][2][…], Roma[3][2]) — İngiltərə, Şotlandiya və İrlandiya kralı II Ceymsin yetkinliyə çatmış yeganə oğlu, Uels şahzadəsi.

10 iyun 1688-ci ildə Sent-Ceyms sarayında dünyaya gəldi. Atası İngiltərə, Şotlandiya və İrlandiya kralı II Ceyms, anası isə onun ikinci xanımı, eyni zamanda Modena və Reccio hersoqu IV Alfonso d'Estenin qızı Mariya d'Estedir. Taxtdakı monarxın yeganə oğlu kimi doğuşdan Kornvol hersoqu və Uels şahzadəsi ünvanlarını aldı. Valideynlərinin hər ikisi katolik idi və taxtın gələcək varisinin katolik məzhəbinə uyğun böyüdülməsi, çoxluğu protestant olan parlamentdə müzakirələrə səbəb oldu. Belə ki, bütün parlament katolik məzhəbli oğul varisi deyil, kralın ilk xanımından doğulan və əsl protestant tərzində böyüdülən 2 qızı - Mariya və Annanı dəstəkləyirdi. Nəhayət, çox keçmədən 1688-ci ilin noyabrında böyük bacısı Mariya Stüartın əri Oranlı Vilhem topladığı əsgərlərlə Britaniya adasına ordu yeritdi. Şanlı inqilab adını alan bu çevriliş nəticəsində atası II Ceyms taxtdan endirildi və bacısı Mariya Stüartla əri Oranlı Vilhelm ortaq monarx kimi taxt-tacı ələ keçirdi. Atası II Ceyms həm kürəkəni, həm də bacısı oğlu olan Oranlı Vilhelmlə mübarizəni bir neçə həftə davam etdirdi. Bu əsnda Ceyms Fransisk anası Kraliça Mariya d'Este ilə birlikdə gizlicə Fransaya qaçırıldı və burada Fransa kralı XIV Lüdovikin himayəsinə alındı.

Böyük bacısı II Mariyanın vəfatı, onun əri III Vilhelmin təkbaşına hakimiyyəti əlində saxlaması və atasının 1701-ci ildə vəfatından sonra Ceyms Fransisk, 1697-ci ildə onların suverenliyini qəbul etməsinə baxmayaraq, Fransa kralı XIV Lüdovik tərəfindən İngiltərə, Şotlandiya və İrlandiyanın həqiqi kralı elan olundu. Üstəlik, onun bu hökmranlığı İspaniya, Papalıq və anasının vətəni olan Modena hersoqluğu tərəfindən rəsmi şəkildə tanındı. Nəticədə, Londonda aparılan mühakimənin ardından 2 mart 1702-ci ildə vətənə xəyanətlə ittiham olundu və daşıdığı bütün ünvanlar əlindən alındı. Bir neçə gün sonra III Vilhem də vəfat etdi və taxt-tac digər bacısı Anna Stüarta keçdi.

İlk hərbi müdaxilə 23 mart 1708-ci ildə baş tutsa da, pis hava şəraiti buna mane oldu. Dəfələrlə protestantlığa dəvət edilsə də, bu təklifləri geri çevirdi. 1713-cü ildə imzalanan Utrext sülhünə əsasən, onun Fransadan uzaqlaşdırılması qərarlaşdırıldı. Bacısı Anna Stüartın varissiz vəfatının ardından isə uzaq qohumu Hannover sülaləsinə mənsub I Georq taxta çıxarıldı. Yeni kral I Ceymsin şəcərəsinə mənsub olsa da, əsl alman idi və ingilis dilii bilmirdi. Bu isə Ceyms Fransiskin taxt hüququnu yenidən müzakirəyə açdı. 1715-ci ilin noyabrında gedən döyüşlərdə məğlub edilsə də, əmrindəki birliklərlə Şotlandiyaya əsgər çıxara bildi. Burada səhhəti pisləşdi və parlament ordusunun yaxınlaşdığını eşitdikdən sonra 5 fevral 1716-cı ildə yenidən Fransaya qaçdı. Ancaq bu dəfə burada xoş qarşılanmadı. Belə ki, ən yaxın dəstəkçisi XIV Lüdovik vəfat etmiş, yeni qurulan hökumət isə Britaniya ilə sülh tərəfdarı idi.

Beləcə, Fransadan da uzaqlaşdırıldı və sırayla Avinyonda (1716-1717), Pezaroda (1717) və Urbinoda (1717-1718) yaşadı. Roma papaları XI Klement və XIII İnnokenti tərəfindən dəstəkləndi və xüsusi malikanəylə külli miqdarda illik gəlir təsis edildi. 1719 və 1722-ci illərdə yenidən hərbi müdaxiləyə cəhd edilsə də, bu cəhdlər də uğursuz oldu. Ölümünədək Romada nüfuzlu bir həyat yaşadı.

Fransada yaşadığı illər ərzində XIV Lüdovikin qardaşı oğlu olan Orlean hersoqu II Filippin qızı Luiza Adelaydla evlənməsi müzakirə edilsə də, gəlin namizədi bu təklifi geri çevirdi. Modenada ikən anasının əmisi Modena hersoqu Rinaldo d'Estenin böyük qızı Benedetta ilə nişanlansa da, Hannoverlərlə münaisbətlərini korlamaq istəməyən Rinaldo d'Este bu nişanı pozdu. Nəhayət, 3 sentyabr 1719-cu ildə Viterboda Polşa kralı III Yan Sobieskinin nəvəsi Mariya Klementina Sobieska ilə evləndi. Cütlüyün bu nigahdan 2 oğlu dünyaya gəldi.

Uzun xəstəliyinin ardından 1 yanvar 1766-cı ildə Romadakı malikanəsində vəfat etdi. Cənazəsi Vatikana aparıldı və Müqəddəs Pyotr bazilikasına dəfn olundu.

  • Margaret McIntyre, Mary II (1662–1694), in Anne Commire (ed.), Women in World History, vol. 10 (2001), ISBN 0-7876-4069-7
  • Keates, Jonathan (2015). William III & Mary II: Partners in Revolution. Allen Lane. pp. 25–36. ISBN 978-0-141-97687-7
  • Somerset, Anne (2012). Queen Anne: The Politics of Passion. London: William Collins. p. 97. ISBN 978-0-00-720376-5
  • Massie, Allan (2010). "Chapter 16". The Royal Stuarts. Random House. ISBN 9781845950903
  • Corp, Edward T. (2011). The Stuarts in Italy, 1719–1766. Cambridge University Press. ISBN 9780521513272
  • Corp, Edward T (2009). A Court in Exile: The Stuarts in France, 1689–1718. Cambridge University Press. ISBN 978-0521108379
  • Louda, Jiří; Maclagan, Michael (1999) [1981]. Lines of Succession: Heraldry of the Royal Families of Europe (2nd ed.). London: Little, Brown. pp. 27, 50. ISBN 978-0-316-84820-6
  1. 1 2 3 4 James Edward, the Old Pretender (ing.). // Encyclopædia Britannica. (İstifadə tarixi: 9 oktyabr 2017).
  2. 1 2 3 4 Jakob Edvard Stuart (buk.). // Store norske leksikon. ISSN 2464-1480. (İstifadə tarixi: 17 oktyabr 2026).
  3. 1 2 Union List of Artist Names (ing.). 2 noyabr 2016. (İstifadə tarixi: 25 oktyabr 2018).
  4. 1 2 3 4 Kindred Britain (ing.).
  5. ↑ Darryl Roger Lundy. James Francis Edward Stuart, 1st and last Duke of Cornwall (ing.). // The Peerage.