Məzmuna keç

III Fridrix

Vikipediya, azad ensiklopediya
III Fridrix
alm. Friedrich III.‎
Image
9 mart 1888 – 15 iyun 1888
ƏvvəlkiI Vilhelm
SonrakıII Vilhelm
Şəxsi məlumatlar
Doğum tarixi 18 oktyabr 1831(1831-10-18)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 15 iyun 1888(1888-06-15)[3][1][…] (56 yaşında)
Vəfat yeri
Vəfat səbəbi qırtlaq xərçəngi[d]
Dəfn yeri
Təhsili
Fəaliyyəti siyasətçi
Atası I Vilhelm
Anası Saksen-Veymar-Ayzenaxlı Avqusta (Almaniya imperatriçası)
Həyat yoldaşı
Uşaqları
Ailəsi Hohensollernlər
Hərbi xidmət
Döyüşlər
Rütbəsi

Təltifləri "Qara qartal" ordeni Knight Grand Cross of the Military Order of William — 1878 Knight in the Order of the Holy Sepulchre I dərəcəli "Qırmızı qartal" ordeni Pour le Mérite "Müqəddəs apostol Andrey Pervozvannı" ordeni II dərəcəli Müqəddəs Georgi ordeni IV dərəcəli "Müqəddəs Georgi" ordeni "Müqəddəs Aleksandr Nevski" ordeni 1-ci dərəcəli "Müqəddəs Stanislav" ordeni "Qızıl yun" ordeninin cəngavər dərəcəsi "Mariya Tereza" hərbi ordeni Macarıstanın "Müqəddəs Stefan" kral ordeni "Xilaskar" ordeni
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

III Fridrix Vilhelm Nikolay Karl (alm. Friedrich III. Wilhelm Nikolaus Karl von Preußen‎; 18 oktyabr 1831[1][2][…], Potsdam, Brendenburq əyaləti[d] – 15 iyun 1888[3][1][…], Potsdam, Brendenburq əyaləti[d]) — Prussiya kralı və Alman imperatoru.

18 oktyabr 1831-ci ildə Potsdamda dünyaya gəldi. Atası Prussiya kralı III Fridrix Vilhelmin oğlu vəliəhd-şahzadə Vilhelm, anası isə Saksen-Veymar-Eisenaxlı Avqustadır. Doğulduğu əsnada babası hələ də taxta idi. Hələ 8 yaşında ikən babası vəfat etdi və əmisi IV Fridrix Vilhelm taxta çıxdı. Ancaq əmisi evli olsa da, varisi yox idi və bu səbəblə, Fridrix atasından sonra taxt sırlamasında ikinci yerdə idi.

İngilis, fransız və latın dilləriylə yanaşı, tarix, coğrafiya, fizika, musiqi və din təhsili aldı. Digər yandan digər alman şahzadələri kimi hərbi təlim-tərbiyə aldı. Hələ 10 yaşında ikən ikinci leytenant rütbəsi aldı. Yaşı artdıqca orduda daha aktiv rol oynaması gözlənilsə də, anasının müdaxiləsiylə daha güclü bir təhsil aldı. 18 yaşının tamam olduğu 1850-ci ildə Bonn Universitetinə göndərildi və burada keçirdiyi 2 il boyunca tarix, hüquq və idarəçilik üzrə təhsil aldı. 1853-cü ildə atasının vasitəçiliyi ilə Mason lojasına qatıldı və gələcəkdə ustadlığa qədər yüksəldi.

Hər iki valideyni də Britaniya kraliçası Viktoriyanın Alman konfederasiyasındakı ən güclü müttəfiqlərindən biri idi. Üstəlik 1848 Berlin çevrilişinin ardından cütlük bir müddət siyasi mühacir kimi Londonda yaşamışdı. Cütlüyün sonrakı London səfəri isə 1851-ci ildə baş tutdu. Fridrix və gələcək həyat yoldaşı Viktoriya da məhz bu səfər əsnasında ilk dəfə tanış oldu. Bu tanışlıq əsnasında Viktoriya 11, Fridrix isə 19 yaşında idi. Berlin sarayında vəliəhdin rus çarının qızlarından biriylə evlənməsi gözlənilirdi. Buna baxmayaraq bəy namizədi daha sonra 1855-ci ildə təkbaşına Britaniya səfərinə yollandı. Bu ziyarət əsnasında alınan evlilik təklifi, Viktoriyanın 17 yaşından sonra evlənməsi şərtiylə qəbul edildi. Cütlüyün nişanı 17 may 1856-cı ildə ictimaiyyətə elan edildi. Toy mərasimi isə 25 yanvar 1858-ci ildə Londondakı Sent-Ceyms sarayında baş tutdu. Toy mərasimi münasibətilə Fridrix Prussiya ordusunda general-mayor rütbəsi aldı.

Kraliça Viktoriyanın ən böyük qızının evlənərək Berlinə getməsi Berlin və London sarayları arasındakı məktublaşmanı artırdı. Hər həftə atasına məktub yazan Viktoriya bu məktublarda alman siyasi həyatı haqqında məlumatlar verirdi. Sonrakı illərdə cütlüyün ümumilikdə 8 övladı doğuldu.

  • II Vilhelm (27 yanvar 1859 – 4 iyun 1941)
  • Şarlotta (24 iyul 1860 – 1 oktyabr 1919)
  • Henri (14 avqust 1862 – 20 aprel 1929)
  • Sigismund (15 sentyabr 1864 – 18 iyun 1866)
  • Viktoriya (12 aprel 1866 – 13 noyabr 1929)
  • Valdemar (10 fevral 1868 – 27 mart 1879)
  • Sofiya (14 iyun 1870 – 13 yanvar 1932)
  • Marqarita (22 aprel 1872 – 22 yanvar 1954)

Əmisinin vəfatının ardından 2 yanvar 1861-ci ildə atası I Vilhelm taxta çıxdı və Fridrix vəliəhd-şahzadə ünvanını daşımağa başladı. 27 il boyunca davam edən bu vəliəhdlik dövrü boyunca atasının ən yaxın adamlarından kansler Otto fon Bismarkla münasibətləri çox gərgin idi. Üstəlik onlar arasındakı bu gərgin münasibət vəliəhd-şahzadənin Bismarka və atasına qarşı müxalif cəbhəni dəstəkləməsinə səbəb oldu. Bir çox beynəlxalq tədbirlərdə və dövlət mərasimlərində atasının rəsmi təmsilçisi kimi iştirak etdi. Vaxtının çoxunu Britaniyada xanımının yaxın qohumlarıyla birlikdə keçirdi.

1864-cü ildə İkinci Şelzviq müharibəsində danlara, 1866-cı ildə Avstriya-Prussiya müharibəsində Avstriyalılara, 1870-ci ildə isə Fransa-Prussiya müharibəsində fransızlara qarşı vuruşdu. Bunlardan sonuncusu davam edərkən 28 oktyabr 1870-ci ildə marşal rütbəsinə yüksəldi.

Uzun illərdir davam edən tütün istifadəsi səbəbilə səhhəti pis idi. Səs telləri zədələnmişdi və ard-arda yaşadığı tibbi müdaxilələr vəziyyətini daha da pisləşdirmişdi. Qırtlağında xərçəng müəyyən edilmişdi və tədbiq edilən heç bir müalicə xeyir etmədi. 5 may 1887-ci ildə müalicə məqsədilə getdiyi San-Remoda danışma qabiliyyətini tamamilə itirdi.

Xərçəng xəstəsi olduğunun rəsmi elanından 3 gün sonra atası I Vilhelm 9 mart 1888-ci ildə səhər saat 8:22 radələrində vəfat etdi. Beləcə, xəstə yatağında ikən Prussiya kralı və Alman imperatoru ünvanlarını aldı. O əsnada paytaxtda olan oğlu vəliəhd-şahzadə Vilhelm İtaliyadakı atasına xəbəri teleqrafla çatdırdı. 11 mart gecə saatlarında Berlinə gələn III Fridrix xəstəliyinə baxmayaraq bütün vəzifə və öhdəliklərini yerinə yetirməyə çalışdı. Qısa səltənəti ərzində eyni zamanda qaynanası olan Britaniya kraliçası Viktoriyanı və İsveç-Norveç kralı II Oskarın rəsmi ziyarətlərini qəbul etdi. Eyni zamanda ikinci oğlu şahzadə Henrinin Hessenli İrina ilə olan toy mərasimi də məhz onun səltənətinə təsadüf etdi.

Səhhəti ağırlaşan III Fridrix sürətlə çəki itirməyə başladı. Belə ki, xərçəng hüceyrələri qida borusuna yayılmış, bu səbəblə yemə-içmə qabiliyyətini, eləcə də udqunma refleksini itirmişdi. 15 iyun 1888-ci ildə saat 11:30 radələrində Potsdamda vəfat etdi və gözlənildiyi kimi, böyük oğlu II Vilhelm taxta çıxdı.